×
A
A
A
Sazlamalar

Aqrar istehsal prosesində risklərin idarəolunması mövzüsunda təlim keçirilib

Bakı, 19 mart, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyində aqrar istehsalın təşkilində qarşıya çıxan risklərin idarəedilməsi sisteminə həsr olunmuş təlim keçirilib. Aqrar Elm və İnnovasiya Mərkəzinin Kənd Təsərrüfatı Nazirliyinin Risklərin idarəedilməsi sektoru ilə birgə təşkil etdiyi təlimdə elmi tədqiqat institutlarının, regional aqrar elm mərkəzlərinin əməkdaşları iştirak ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlimi açan Risklərin idarəedilməsi sektorunun müdiri Nurlan Babayev qurulmaqda olan Risklərin idarəedilməsi sistemi haqqında geniş məlumat verib. Kənd təsərrüfatı məhsulları istehsalı zamanı qarşıya çıxan risklərin təsnifatı və mahiyyəti, bu məsələdə dövlətin və fermerin üzərinə düşən vəzifələr haqda danışan Nurlan Babayev risk idarəçiliyi sahəsində dünya təcrübələrindən nümunələri diqqətə çatdırılıb.
Bildirilib ki, kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə nazirliyin əsas fəaliyyət istiqamətlərini ehtiva edən Risklərin idarəedilməsi komitəsi yaradılıb. Komitənin əsas funksiyası kənd təsərrüfatında risklərin idarəedilməsi üzrə nazirliyin struktur bölmələrinin operativ fəaliyyətinin koordinasiyası və risklərin idarəedilməsi üzrə vahid siyasətin həyata keçirilməsidir. Nazirliyin risklərin idarəedilməsi sahəsində əsas məqsədi qəbul edilən idarəetmə qərarlarının onları müşayiət edən risklərin təhlili vasitəsilə səmərəliliyinin yüksəldilməsi və qəbul edilmiş qərarların icrası zamanı risklərin idarəedilməsi üzrə tədbirlərin maksimal effektivliyinin təmin olunmasıdır.
“Aqrar tədarük və təchizat” ASC-nin Biznes proseslərin idarəedilməsi sektorunun müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qalib Şərifov aqrar sektor üzrə risklərin qiymətləndirilməsi üzrə metodik tövsiyələrlə bağlı təqdimatla çıxış edib. Qeyd olunub ki, hazırlanmış və ilkin sınaqlardan çıxarılmış sistem aqrar sahəyə aid risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarəedilməsi, risk hadisələrinə cavab proqramlarının formalaşdırılması, nəticələrin lokallaşdırılması proseslərinin reqlamentləşdirilməsi, fövqəladə hallarda müxtəlif risklərin qarşısının alınması tədbirlərinin effektiv koordinasiyasının təmin edilməsinə imkan verəcək.
Təlimin sonunda aqrar istehsalda risk faktorları ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Sosial 2019-03-19 16:05:00