×
A
A
A
Sazlamalar

Balakənlilər baharın gəlişini böyük sevinclə qarşılayırlar

Balakən, 19 mart, Mustafa Dadaşov, AZƏRTAC

Balakənlilər baharın gəlişini böyük sevinc və bayram əhval-ruhiyyəsi ilə qarşılayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baharın gəlişi münasibətilə martın 19-da Balakən Rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda ümumrayon bayram tədbiri keçirilib.
Novruz şənliyi bayram tonqalının alovlandırılması ilə başlanıb. Sonra tədbir iştirakçıları xalqımızın, eləcə də rayonda yaşayan azsaylı xalqların milli adət-ənənələrini özündə əks etdirən sərgi və guşələrə baxıb, el sənətkarlarının əl işləri və milli mətbəx nümunələri ilə tanış olublar.
Bayram tədbirində qeyd olunub ki, xalqımızın ən əziz bayramlarından olan Novruz həmvətənlərimiz tərəfindən həmişə böyük sevinclə qarşılanır. Bu bayramın yüksək səviyyədə qeyd olunmasına ümummilli lider Heydər Əliyev tərəfindən həmişə böyük diqqət göstərilirdi. Bu ənənə indi də davam etdirilir. Prezident İlham Əliyev Novruz şənliklərində iştirak edir, xalqımıza Novruz təbriklərini çatdırır.
Tədbir rəngarəng konsert proqramı ilə davam edib.

Regionlar 2019-03-19 16:02:00