×
A
A
A
Sazlamalar

Milli Konservatoriyada Qazaxıstanın Xalq artistləri konsert proqramı ilə çıxış ediblər

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasında Qazaxıstanın Xalq artistləri, bəstəkar Toleqen Muhammedcanov və tanınmış opera ifaçısı Nurcamal Usenbayeva konsert proqramı ilə çıxış ediblər.
Konsert Milli Konservatoriyanın və Qazaxıstanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev, konservatoriyanın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbirdə açılış nitqi söyləyən rektor S.Kərimi qonaqları salamlayıb və onları konservatoriyada görməkdən məmnunluğunu ifadə edib. Rektor belə konsert proqramlarını iki ölkə arasında mədəni sahədə əlaqələrin daha da genişlənməsi baxımından yüksək qiymətləndirib.
Daha sonra Qazaxıstanın Xalq artistləri, bəstəkar Toleqen Muhammedcanov və tanınmış opera ifaçısı Nurcamal Usenbayeva tədbirdə konsert proqramı ilə çıxış ediblər. N.Usenbayevanın ifasında Qazaxıstan bəstəkarlarının əsərləri səslənib. Xalq artistini fortepianoda Milli Konservatoriyanın müəllimi Svetlana Əhmədova müşayiət edib.
T. Muhammedcanov da öz növbəsində çıxış edərək həyat və yaradıcılıq yolundan danışıb. Xalq artisti müəllifi olduğu bir neçə əsəri dinləyicilərə təqdim edib.
Sonda Qazaxıstanlı qonaqlar rektor S.Kərimiyə hədiyyələr təqdim ediblər.

Mədəniyyət 2019-03-19 16:00:00