×
A
A
A
Sazlamalar

SOCAR ilə Liviya Milli Neft Korporasiyası arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Bakı, 19 mart, AZƏRTAC
SOCAR ilə Liviya Milli Neft Korporasiyası arasında neft sənayesinin müxtəlif istiqamətləri sahəsində əməkdaşlığın prioritetləri müzakirə olunub.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, qurumun prezidenti Rövnəq Abdullayev Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanallanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR prezidenti Azərbaycanda həyata keçirilən neft strategiyası, SOCAR-ın fəaliyyəti, qlobal və regional əhəmiyyətli layihələri haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd edilib ki, bir zamanlar liviyalı tələbələr Azərbaycanda neft ixtisasları üzrə təhsil alıblar, bu gün də həmin ənənə davam etdirilə bilər. SOCAR-ın Bakı Ali Neft Məktəbi bu sahədə bütün imkanlara malikdir.
Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanalla Azərbaycanın təcrübəsinin onlarda hər zaman maraq doğurduğunu vurğulayıb.
Görüşdə neft sənayesinin müxtəlif istiqamətləri sahəsində əməkdaşlığın prioritetləri müzakirə olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
SOCAR haqqında hazırlanmış təqdimat qonaqlarda böyük maraq yaradıb.

Neft - qaz 2019-03-19 15:59:00