İmadəddin Nəsiminin “Cananı sevərmən” adlı kitabı Daşkənddə özbək dilində çap olunub
Daşkənd, 19 mart, АZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə böyük Azərbaycan şair və mütəfəkkiri İmadəddin Nəsiminin “Cananı sevərmən” adlı kitabı Daşkənddə özbək dilində çap olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Azərbaycanla yanaşı, xarici ölkələrdə də çoxsaylı tədbirlər, layihələr həyata keçirilir. “Cananı sevərmən” kitabı İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunub.
Kitabı orijinaldan özbək dilinə tanınmış alim və tərcüməçi Tahir Qəhhar çevirib.
Nəşrin elmi məsləhətçisi filologiya elmləri doktoru Sona Vəliyevadır. Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Nəsimi irsinə dair əlyazmaların surətləri, habelə Nəsiminin rübailəri əsasında tanınmış azərbaycanlı xəttat Qulamhüseyn Darabadinin hazırladığı miniatürlərin surətləri də yer alıb.
Layihənin rəhbəri, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov nəşrə yazdığı “Ön söz”də şairin Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlər yaratdığını bildirib, Nəsimi yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. S.Abbasov Azərbaycan ədəbiyyatında həm də eşq şairi kimi tanınan Nəsiminin bu qəbildən olan şeirlərinin fəlsəfi baxımdan dünya poeziyasının inciləri siyahısına daxil edildiyini qeyd edib, şairin əsərlərinin Azərbaycanla yanaşı, Yaxın Şərq, İraq, Kiçik Asiya, eləcə də Orta Asiyada geniş şöhrət qazandığını yazıb.
Kitabın Daşkənddə və Bakıda Azərbaycan və özbək alimlərinin iştirakı ilə geniş təqdimat mərasiminin keçirilməsi, habelə Özbəkistan və Azərbaycanın aparıcı kitabxanalarına hədiyyə edilməsi planlaşdırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir