Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Xaçmazda şəhid ailələrinin qonağı olub VİDEO

Xaçmaz, 19 mart, Elxan Yusifli, AZƏRTAC

Prezident İlham Əliyevin gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gənc şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib. Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan “Şəhidimiz” (#ŞƏHİDİMİZ) adlı kampaniyaya gənc könüllülər, “ASAN Könüllüləri”, “Regional İnkişaf” İctimai Birliyinin Könüllüləri, Formula 1 könüllüləri, “BİR” tələbə könüllüləri, “Aqrar İnkişaf Könüllüləri”, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Skautlar Assosiasiyasının fəalları qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 19-da könüllülər Xaçmaz rayonunda şəhid ailələrinin qonağı olub, onlara bayram sovqatı aparıblar.
Könüllülər əvvəlcə Xaçmaz Şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının xatirəsini anıblar.
Daha sonra könüllülər Aprel döyüşlərində şəhid olan Elvin Qayıbov və Elvin Mirzəyevin ailə üzvləri ilə görüşüblər.
Kampaniya Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və təbliği, şəhid ailələri ilə ölkə gəncliyinin həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır. Gənclər Novruz bayramı ərəfəsində Aprel şəhidlərinin ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Bayram ziyarətlərində bütün ailələrə Novruz sovqatı çatdırılıb.
Qeyd edək ki, kampaniya bayram günlərində də davam edəcək. Bu hərəkatda iştirak etmək istəyən gənclər www.shehidimiz.az saytına daxil ola və ya sosial şəbəkələrdə #ŞƏHİDİMİZ həştəqi ilə paylaşımlar edə bilərlər.
Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsi və onların milli ruhda yetişməsi üçün #ŞƏHİDİMİZ kampaniyası ilboyu müxtəlif tədbir və layihələrlə davam edəcək.

Regionlar 2019-03-19 15:29:00

Video