Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Naxçıvanda Novruz yarmarkası açılıb

Naxçıvan, 19 mart, AZƏRTAC

Naxçıvan şəhərindəki Mərkəzi bazarda Novruz bayramı münasibətilə yarmarka təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarmarkaya muxtar respublikada fəaliyyət göstərən 32 istehsal müəssisəsi tərəfindən 117 adda 195 çeşiddə məhsul çıxarılıb. Eyni zamanda, 262 ailə təsərrüfatı subyekti tərəfindən 168 adda məhsulun satışı təşkil olunub.
Yarmarkada həmsöhbət olduğumuz Naxçıvan şəhər sakini Pərvanə Quliyeva deyib: “Bayram üçün almaq istədiyi məhsulların hamısına burada rast gəlmək olar. Qiymətlər də münasibdir. Sevindirici haldır ki, belə keyfiyyətli məhsulların hamısı yerli istehsaldır. Builki Novruz bayramında da süfrələrimizi öz məhsullarımız bəzəyəcək”.
Digər həmsöhbətimiz Şərur rayonunun Cəlilkənd sakini, 27 yaşlı ailə təsərrüfatçısı Sənan Qasımzadə yarmarkaya mürəbbələr, turşular, müxtəlif çeşiddə məhsullar çıxarıb. O, gətirdiyi məhsullara alıcılar tərəfindən böyük maraq göstərildiyini deyir.
Bir-birindən ləziz görünən, səliqə ilə qablaşdırılmış şirniyyatları piştaxta üzərinə düzən Sədərək rayon sakini 19 yaşlı gənc təsərrüfatçı Jalə Abbasova bildirib ki, bayram yarmarkasının təşkili həm biz torpaq mülkiyyətçilərinə, həm də alıcılara əlverişli şərait yaradır. Belə şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm.
Alıcılardan biri, şəhər sakini, təqaüdçü-müəllim Zahirə Cəfərova dedi ki, ötən illə müqayisədə qiymətlərdə artım yoxdur. Bazarda təklifi artırmaqla və tələbi daha dolğun ödəməklə qiymətlərin aşağı salınmasına nail olunub. Daha doğrusu, qiymətlər bazarlarda yaradılan bolluğa uyğun formalaşıb.
Qeyd edək ki, şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda Novruz bayramı münasibətilə keçirilən bayram yarmarkası mart ayının 24-dək davam edəcək.

Regionlar 2019-03-19 15:21:00