×
A
A
A
Sazlamalar

Ağdamın 12 kəndinin əhalisinə çıxarışlar verilib

Bakı, 19 mart, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) cəbhə bölgələrində yaşayan əhaliyə mütəmadi olaraq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər göstərir. Komitənin sosial əhəmiyyətli “Kütləvi çıxarış” kampaniyası bu dəfə Novruz bayramı ərəfəsində, martın 19-da Ağdam rayonunda keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, budəfəki “Kütləvi çıxarış” kampaniyası Ağdamın 12 kəndini əhatə edib.
Ağdam rayonunun Xındırıstan, Dadaşlı, Baharlı, Paşabəyli, 1-ci və 2-ci Yüzbaşlı, Əhmədağalı, Böyükbəyli, Sarıcalı, Kəlbəhüseynli, Çəmənli, Sarıçoban kəndlərindən olan 200-dək sakinə ünvanlarında çıxarışlar təqdim edilib. Təqdim olunmuş çıxarışlar isə əsasən, fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. Xidmətdən istifadə edənlər arasında Qarabağ müharibəsinin iştirakçıları, şəhid ailələri, döyüşlərdə xəsarət almış şəxslər də olub. Kampaniya zamanı şəhid ailələrinə çıxarışlar evlərində təqdim edilib.
Ənənəvi hal alan “Kütləvi çıxarış” kampaniyası cəbhə bölgələrində yaşayan sakinlərin əmlaklarının qeydiyyata alınma prosesini birbaşa yerlərdə aparmaqla əlçatanlığı artırır. Elə həmin gün çıxarış verilməsi məqsədilə 80-dək sakindən əmlaklarına dair ilkin sənədlər toplanıb. Ağdam rayonunda sakinlərin çıxarışlarla təmin olunması ilə yanaşı, bu sahədə digər hüquqi xidmətlər də göstərilib. Belə ki, çıxarışların təqdim olunma qaydası, bu xidmətin göstərilməsi üçün lazım olan sənədlər, həmin sənədlərin başqa qurumlardan alınması kimi prosedurlar izah olunub. Komitənin fəaliyyətində istifadə olunan yeniliklər, müxtəlif sadələşmiş və elektron formada göstərilən xidmətlər barədə sakinlər əməkdaşlar tərəfindən məlumatlandırılıb. Bundan başqa mobil ofislərdə yaradılan şərait nəticəsində mütəxəssislər çıxarış veriləcək əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərinin müəyyən olunmasını həyata keçiriblər. Kampaniyadan istifadə edən bütün vətəndaşlar göstərilən yüksək səviyyəli xidmətdən razılıqlarını bildiriblər. Bu kampaniyanın Novruz bayramı ərəfəsində keçirilməsi isə əhalinin bayram sevincini daha da artırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, cəbhə bölgəsində yaşayan vətəndaşların mənzil şəraitinin, güzəranlarının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Buna uyğun olaraq xidmətlərin həmin ərazilərdə yaşayan vətəndaşlara daha rahat və innovativ üsullarla təqdim edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin əsas məqsədidir. Çıxarışlarını alan cəbhə bölgəsinin sakinləri əmlaklarını tam istifadə etmək hüququna malik olur. Bununla əmlak daha rahat şəkildə iqtisadi əməliyyatlara cəlb edilir. Həmçinin belə tədbirlər cəbhə bölgəsi əhalisinin əmlakla bağlı ictimai-siyasi sahədə fəaliyyətə qoşulmağına dəstək olur.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə mobil xidmətlər cəbhə bölgələri və digər regionlarda davam edəcək.

Regionlar 2019-03-19 13:39:00