×
A
A
A
Sazlamalar

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini “Məzun evi”nin sakinlərinə bayram sovqatı bəxş edib

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Novruz bayramı ərəfəsində Masazır qəsəbəsində dövlət uşaq müəssisələrinin məzunları üçün salınan “Məzun evi” Sosial Müəssisəsində olublar.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təşkil edilən xeyriyyə tədbirində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanist təşəbbüsü ilə inşa olunan sosial müəssisədə dövlət uşaq müəssisələrinin məzunları üçün yaradılan şəraitdən danışılıb.
Diqqətə çatdırılıb ki, burada mənzillə təmin edilən məzunlarından 40-dan çoxu əlilliyi olan insanlardır. İki yaşayış binasında 206 gənc yeni mənzillə təmin edilib. Onların bir hissəsi buraya köçürüldükdən sonra ailə qurub və indi həmin ailələrdə yüzdən çox uşaq böyüyür.
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin bayram təbriklərini çatdıran agentliyin aparat rəhbəri Tariyel Pənahov isə vurğulayıb ki, ölkəmizdə müvafiq təbəqədən olan digər vətəndaşlar kimi, uşaq müəssisələrinin məzunlarının da sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası yönündə müvafiq işlər aparılır.
Qeyd olunub ki, “Məzun Evi”nin fəaliyyət göstərməsi həyata keçirilən uğurlu sosial siyasət kursunun hər bir vətəndaşın, o cümlədən valideynlərini itirən və valideyn himayəsindən məhrum gənclərin rifahına verilən təminatın əyani təzahürüdür.
Təşkil olunan xeyriyyə tədbirində “Məzun Evi” Sosial Müəssisəsinin sakinlərinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylanıb.
Məzun evinin sakinləri isə öz növbəsində, bu əziz bayram münasibətilə təşkil olunan xeyriyyə tədbirini dövlətin onlara qayğısı kimi qiymətləndiriblər.

Sosial 2019-03-19 13:32:00