×
A
A
A
Sazlamalar

Qobustan qoruğunda sağlamlıq imkanı məhdud uşaqlar üçün bayram şənliyi təşkil olunub

Bakı, 19 mart, AZƏRTAC

Qobustan Milli Tarix-Bədii Qoruğunda sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, şənlikdə Emin Quliyev adına 9 nömrəli xüsusi internat məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bayram münasibətilə uşaqları təbrik edib.
Bayramın tarixi əhəmiyyətindən söz açan V.İsayev, Novruzun ən qədim bayramlardan olduğunu söyləyib. Bildirib ki, xalqımızın bu günə qədər yaşatdığı, qoruyub, gələcək nəsillərə ötürdüyü bu bayram müstəqillik qazandıqdan sonra respublikamızda daha da təmtəraqla qeyd edilir.
Sonra məktəblilər üçün qoruq ərazisinə ekskursiya təşkil olunub. Qobustanın tarixi və mədəniyyəti, qayaüstü təsvirləri və buradakı muzeylə ətraflı tanışlıqdan sonra şagirdlər Novruzun gəlişi münasibətilə hazırlanmış bayram süfrəsinə dəvət ediliblər.
Qoruqla tanışlıq və bahar şənliyi qonaqlarda xoş təəssürat yaradıb.

Mədəniyyət 2019-03-19 12:33:00