×
A
A
A
Sazlamalar

Lerikdə Novruz şənliyi keçirilib

Lerik, 19 mart, Bağır Əliyev, AZƏRTAC

Lerik şəhərindəki Heydər Əliyev Meydanında Novruz şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Novruz bayramı münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgilərlə tanış olublar.
Sonra bayram tonqalı yandırılıb.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan Novruz bayramı münasibətilə sakinləri təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıb.
Ötən Novruz bayramından sonrakı dövrdə rayonda görülmüş tikinti-quruculuq işlərindən, əldə edilmiş nailiyyətlərdən danışan R.Bağırov Azərbaycan Prezidentinin Lerikə növbəti səfərinin xoş xatirələrlə xatırlandığını, Novruz bayramının respublikamızın bütün regionlarında təntənəli şəkildə keçirildiyini vurğulayıb, gələn il Novruz tonqalının işğal altındakı torpaqlarımızda alovlanmasını arzu edib.
Bayram tonqalı ətrafında rayon mədəniyyət mərkəzinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri və özfəaliyyət kollektivlərinin ifasında Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri və oyunlar nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.

Regionlar 2019-03-19 12:34:00