×
A
A
A
Sazlamalar

Lənkəranda keçirilən İlaxır çərşənbəsi özünəməxsus xüsusiyyətləri ilə seçilir

Lənkəran, 19 mart, Bağır Əliyev, AZƏRTAC

Torpağın və həyatın oyandığı İlaxır çərşənbə-Torpaq çərşənbəsi Lənkəranda özünəməxsus xüsusiyyətləri ilə seçilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi təmtəraqla qarşılanan sonuncu çərşənbə folkloru, adət-ənənəsi ilə seçilən cənub bölgəsində özünəməxsus şəkildə qeyd olunur. İnsanlar axar su üstünə, çay başına gəlib, əmin-amanlıqları üçün dualar edirlər.
Lənkərançayın uzunluğu 80 kilometrdən çox olmasına baxmayaraq insanlar uzun illərdir məhz bir yerə toplaşırlar. Onlar Lənkəran şəhərini Sütəmurdov kəndi ilə birləşdirən körpünün aşağı hissəsinə yığışırlar.
Çay kənarına toplaşanlar hal-əhval tutur, bayramlaşır, axar suya niyyət edir, problemlərinin axıb getməsini arzulayırlar. Sonda isə hər kəs çaydakı axar sudan səhənglərə doldurub evinə aparır. Buna lal su deyirlər. Onlar evə çatana qədər heç kimlə danışmırlar. Ta ki, bu sudan evin hər küncünə səpib, xoş günlər diləyənə qədər.

Regionlar 2019-03-19 12:06:00