×
A
A
A
Sazlamalar

Gəncədə Novruz bayramı coşqusu FOTOREPORTAJ

Bakı, 19 mart, AZƏRTAC

Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Gəncə şəhər Heydər Əliyev park-kompleksində təşkil edilib. Şənlik iştirakçılarını müdrik el ağsaqqalı Dədə Qorqud salamlayıb, onlara xeyir-dua verib, Novruz tonqalı alovlandırılıb. Yazın müjdəçisi - Bahar qız yurdumuza Novruzun gəldiyini xəbər verib.
Gəncənin tarixi şəxsiyyətləri Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, Cavad xanın obrazları canlandırılıb. Onlar insanları humanizmə, doğruluğa, düzgünlüyə və ədalətə səsləyiblər. Cavad xan el igidlərinə şanlı keçmişimizi xatırladıb. Hər kəsi Azərbaycanın bütövlüyü və inkişafı uğrunda həmrəy olmağa çağırıb. Meydanda bəzədilən çadırlar önündə Məhsəti Gəncəvinin ədəbi İrfan məclisi qurulub. Xaqani Şirvani, Qətran Təbrizi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Nigar Rəfibəylinin əsərlərindən nümunələr səsləndirilib.
Novruzun rəmzlərindən olan Kosa və Keçəlin məzəli çıxışı, qonaqlarla yumurta döyüşdürməsi maraqla qarşılanıb.
İştirakçılara Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırlanan “Bazar meydanı” tamaşası təqdim olunub. Gəncə Dövlət Filarmoniyasının, Göygöl Dövlət Mahnı və Rəqs ansamblı, Kamera Orkestri, Gəncə Musiqi Kollecinin kollektivləri qonaqlar qarşısında çıxış ediblər.
Quraşdırılan pavilyonlarda şəhərin idarə, təşkilat və müəssisələrinin hazırladığı stendlər qonaqlara təqdim olunub. Burada gəncəli sənətkarların dekorativ-tətbiqi sənətkarlığın müxtəlif sahələrinə aid sənət nümunələri nümayiş etdirilib.
İdmançıların nümunəvi çıxışları, eləcə də pəhləvanların kəndirdartma, qolgüləşdirmə kimi nömrələri xoş ovqat yaradıb.
Bayram tədbirində qədim Gəncənin milli yemək və çay süfrəsi açılıb. İştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, müxtəlif çörəklər, qəlyanaltılar, şirələr və şirniyyatlar təqdim edilib.

Regionlar 2019-03-19 11:59:00