×
A
A
A
Sazlamalar

Xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci

Ağcabədi, 19 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı Qadınlar Şurasının və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz şənliyi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, GTM-nin Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı, Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərov, 8 saylı körpələr evi-uşaq bağçasının müdiri Əsmər Şərifova və başqaları çıxış edərək, uşaqları milli və tarixi adət-ənənlərimizin yaşadıldığı Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq və ruzi-bərəkət arzulayıblar.
Bildirilib ki, tarixi qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd edilir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşğunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Kosa və Keçəl uşaqları şənləndirib, onlara sevincli anlar bəxş edib. “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin fidanlarının Novruz adət-ənənələrini əks etdirən çıxışı, təqdim edilən musiqi, səhnəcik və rəqslər tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Regionlar 2019-03-19 11:48:00