×
A
A
A
Sazlamalar

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bolqarıstanda mühüm görüşlər keçirib

Bakı, 19 mart, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bolqarıstana səfəri çərçivəsində Fondun üzv dövlətlərinin Sofiyadakı səfirləri ilə görüşlər keçirib.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib.
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə keçirilən görüşdə G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Kırcaalı və Sofiya şəhərlərində həyata keçirilən tədbirlərinin təşkilində göstərdiyi yüksək səviyyəli dəstəyə görə səfirliyə təşəkkürünü bildirərək, türk dünyasına xas mədəniyyətin, irsin mühafizəsi və dünyaya tanıdılması yönündə Fondun həyata keçirdiyi digər layihələrdən bəhs edib. Görüşdə, Fondun fəaliyyətində Azərbaycanın aktiv rolu qeyd edilərək, türkdilli xalqların tarixi-mədəni mirasının mühafizəsi istiqamətində birgə tədbir və layihələrin reallaşdırılması ilə əlaqədar dəstək bildirilib.
Qazaxıstanın Bolqarıstandakı səfiri Temirtay İzbastin ilə görüş zamanı Fondun prioritet istiqamətlərinin türk dünyasının sahib olduğu mədəni irsi qorumaq, araşdırmaq, dünyada tanıtmaq və gələcək nəsillərə ötürmək olduğu vurğulanıb. Qazax xalqının ümumtürk, eləcə də dünya mədəniyyətinə böyük töhfələr verdiyi bildirilərək Fondun bu istiqamətdə apardığı tədbir və layihələrdə birlikdə çalışmağa maraqlı olduqları səfir tərəfindən qeyd edilib.
Türkiyənın Bolqarıstandakı səfiri Hasan Ulusoy ilə görüşdə türkdilli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi məqsədilə Fondun gördüyü iş və tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, səfirlik tərəfindən Fondun bu istiqamətdə fəaliyyətinə və planlaşdırdığı gələcək layihələrinə dair dəstək ifadə edilərək, türk dünyasının önəmli parçası olan Türkiyə ilə mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Mədəniyyət 2019-03-19 11:39:00