×
A
A
A
Sazlamalar

Akademik: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik

Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində keçirilən növbəti müzakirə “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə “Elm günü”nün təsis edilməsinin əhəmiyyətindən söz açan rektor Ədalət Muradov fevral ayından UNEC-də “Elm aylığı”na start verildiyini diqqətə çatdırıb. O, ölkədə intellektual potensialı olan gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini vurğulayaraq, elmi problemlərin həllində onların alternativinin olmadığını qeyd edib. Təhsil işçisi və elmi işçi arasında fərqlərdən danışan rektor bu istiqamətdə problemin həllini alim və müəllim vəhdətinin yaradılmasında görüb. Sonra rektor auditoriya qarşısında “Bir şəxs həm alim, həm də müəllim ola bilərmi?” sualını qoyub.
Müasir dövrün bilik iqtisadiyyatına əsaslandığına diqqət çəkən akademik Telman Əliyev UNEC-də iqtisadiyyatın inkişafına töhfə verə biləcək mütəxəssislər hazırlandığını deyib. UNEC-i ölkə iqtisadiyyatının sütunu adlandıran akademik son 5 ildə bu ali təhsil müəssisəsində yüksək inkişaf dinamikasını müşahidə etdiyini, yeni ali təhsil mexanizminin formalaşdığını vurğulayıb. O, UNEC-in mütərəqqi ideyalarla daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.
Akademik informatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivləri barədə təqdimatla çıxış edib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə informatika sahəsinin sürətlə inkişaf etdiyini diqqətə çatdıran alim məhz Ümummilli Liderin diqqət və qayğısı sayəsində Azərbaycanın bu sahə üzrə dünyanın ən aparıcı ölkələrdən biri olduğunu vurğulayıb.
Sonra professor-müəllim heyəti təkliflərlə çıxış edib, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Sonda akademik Telman Əliyev UNEC-də keçirilən “Elm aylığı”nda “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda məruzəsinə görə fəxri fərmanla təltif edilib.

Elm və təhsil 2019-03-19 11:23:00