×
A
A
A
Sazlamalar

Lerikdə Novruz yarmarkası açılıb

Lerik, 19 mart, Bağır Əliyev, AZƏRTAC

Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunmuş Novruz yarmarkası martın 21-dək davam edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramı ilə əlaqədar keçirilən satış yarmarkasında məhsullar alıcılara bazarla müqayisədə 20-30 faiz aşağı qiymətə təklif edilir.
Əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilən yarmarkada əhalinin sərbəst alış-verişi üçün hər cür şərait yaradılıb.
Yarmarkada süni qiymət artımının və eləcə də bəzi satıcılar tərəfindən baş verə biləcək sui-istifadə hallarının qarşısını almaq məqsədilə rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən nəzarət tədbirləri həyata keçirilir.
Yaradılan şəraitdən və qiymətlərdən razılıqlarını bildirən rayon sakinləri bayramqabağı əhaliyə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər.

Regionlar 2019-03-19 11:04:00