Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və şaxələndirmə” adlı beynəlxalq konfrans keçiriləcək

Bakı, 19 mart, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) martın 29-da Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və şaxələndirmə” adlı beynəlxalq konfrans keçirəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd Avrasiya regionu və OECD ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, regionun iqtisadi və sosial inkişafı ilə bağlı əməkdaşlığın genişləndirilməsi, həmçinin bu sahədə mövcud problemlərin həll yollarının müzakirə edilməsidir.
Konfransda OECD-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson “Azərbaycanda iqtisadi islahatlar: Sahibkarlığın inkişafı və iqtisadi şaxələndirmə” mövzusunda çıxış edəcək. Belə ki, OECD Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması sahəsində islahatların və iqtisadi şaxələndirmənin dəstəklənməsi” mövzusunda təhlil icmalı hazırlayıb. İcmal “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrası üçün müəyyən edilən bəndlər üzrə beynəlxalq təcrübənin öyrənilməsinə və uğurlu tətbiqinə dəstək vermək, eləcə də, Azərbaycanın əldə etdiyi müsbət nəticələr haqqında OECD-nin üzv ölkələrini məlumatlandırmaq məqsədi daşıyır. İcmalın aralıq mərhələsi kimi hazırlanan “Azərbaycanda sahibkarlığın gücləndirilməsi yolu ilə şaxələndirmənin sürətləndirilməsi” və “Xarici investisiyaların yerli təchizatçılarla əlaqələndirilməsi” hesabatı Azərbaycan nümayəndə heyəti tərəfindən Fransada keçirilən “Avrasiya Həftəsi 2018” tədbirində də iştirakçı dövlətlərə təqdim edilib.
Konfransda Azərbaycan hökumətinin və beynəlxalq qurumların yüksəkvəzifəli nümayəndələri iştirak edəcək.

İqtisadiyyat 2019-03-19 11:00:00