×
A
A
A
Sazlamalar

ADU-da rumın dili və mədəniyyəti mərkəzinin yaradılması əməkdaşlıq üçün yeni imkanlar açacaq

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri Diana Cuibusla görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Kamal Abdulla ADU-da rumın dili və mədəniyyəti mərkəzinin açılmasını ikitərəfli əlaqələr üçün müsbət addım kimi dəyərləndirib. O, mərkəzin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib: “Azərbaycan Dillər Universitetində rumın dili və mədəniyyəti mərkəzinin yaradılması əməkdaşlıq üçün yeni imkanlar açacaq. Bizim universitetdə 20-ə yaxın ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların hər biri təmsil etdiyi ölkənin universitetləri ilə sıx əlaqədədir. Biz, eyni zamanda, Rumıniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını planlaşdırırıq”.
Diana Cuibus rəhbərlik etdiyi institutun bütün dünyada rumın dili və mədəniyyəti üzrə ixtisaslaşdığını diqqətə çatdıraraq deyib: “Azərbaycanda rumın dilinin tədrisinə imkan yaratdığınıza görə sizə təşəkkür edirəm. Dillər vasitəsilə insanlar bir-birinə yaxınlaşırlar. Biz müxtəlif istiqamətlərdə əməkdaşlıq qura bilərik. Sizin çox gözəl tələbələriniz var”.
Görüşdə ADU-dakı rumın dili və mədəniyyəti mərkəzində latın dilinin tədrisi istiqamətində fikir mübadiləsi aparılıb.

Elm və təhsil 2019-03-19 10:47:00