Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Madriddə Novruz bayramı qeyd olunub

Madrid, 19 mart, AZƏRTAC

Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində Novruz şənliyi keçirilib.
Tədbirdə İspaniyada yaşayan azərbaycanlılar, bu ölkənin ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Bayram tədbirində çıxış edən səfir Anar Məhərrəmov həmvətənlərimizi Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın özündə ümumbəşəri dəyərləri, xalqımızın çoxəsrlik ənənələrini, milli-mənəvi irsə bağlılığını tərənnüm etdirdiyini bildirib.
Qeyd olunub ki, bahar fəslinin carçısı olan Novruz şənliklərinin hər il ölkə səviyyəsində təntənəli şəkildə keçirilməsi gündən-günə çiçəklənən ölkəmizdə xalqımızın öz ənənələrinə sadiqliyinin bariz nümunəsidir.
Tədbirdə vurğulanıb ki, dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi olan Novruz bayramı xaricdə yaşayan soydaşlarımızın bağlılıq hisslərini gücləndirir və ölkəmizin milli maraqları baxımından birgə fəaliyyətlərini daha da təşviq edir.
Sonra tədbir şənlik proqramı ilə davam etdirilib. Azərbaycan musiqisinin sədaları altında tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin ləziz yeməkləri və Novruz şirniyyatları (şəkərbura, paxlava) təqdim olunub, kiçik yaşlılara bayram sovqatı paylanılıb.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Mədəniyyət 2019-03-19 09:14:00