×
A
A
A
Sazlamalar

Misirdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

Qahirə, 19 mart, AZƏRTAC

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Novruz bayramı ilə əlaqədar tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin Misirdəki səfirliyinin əməkdaşları, diaspor fəalları, media nümayəndələri, misirli tələbələr və Misirdə təhsil alan xarici tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov qonaqları salamlayaraq Novruz bayramının tarixindən, bayram adət-ənənələrindən danışıb.
Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Azər Abasov qonaqları salamlayaraq bayramlarını təbrik edib, bu kimi tədbirlərin azərbaycanlılar arasında əlaqələrin möhkəmlənməsi və adət-ənənələrimizin təbliği baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
“Qarabağ həqiqətləri” kitabının müəllifi, misirli tədqiqatçı Əhməd Əbduh Trabeki iki ölkə arasında qədimdən bu günə qədər yüksək əlaqələrin olmasından söhbət açıb.
Daha sonra ölkəmizdə 8 il təhsil alaraq fəlsəfə doktoru olan Mona Zidan Azərbaycan musiqisini ifa edərək milli geyimimizdən və xalqımızın qonaqpərvərliyindən bəhs edib.
Tədbirin sonunda diaspor mərkəzində Azərbaycan dilini öyrənən misirli tələbələr Novruz bayramına aid şeirləri söyləyərək azərbaycanlıları bayram münasibətilə təbrik ediblər. Tədbir çərçivəsində Azərbaycanın milli mətbəxi, xüsusilə də bayram süfrəsi qonqlara təqdim olunub.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Cəmiyyət 2019-03-19 08:52:00