×
A
A
A
Sazlamalar

Gənclərin gözü ilə tariximiz fotolarda…

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Zamin Səmədovun “Gənclərin gözü ilə tariximiz” fotolayihəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Zamin Səmədov layihə çərçivəsində Lənkəran, Quba, Mingəçevir, Şəki və Bakı şəhərlərində gənclər üçün tədbir keçirərək onların iştirakına da şərait yaradıb.
Məlumata görə, həvəskar fotoqraflar Azərbaycanın bir çox bölgələrində çəkdikləri tarixi abidələrin fotolarını müəllif işi olaraq təqdim ediblər. Təşkilatçının sözlərinə görə, layihənin məqsədi həm də unudulmaqda olan tarixi abidələri foto yaddaşa köçürən gənclərə dəstək olmaqdır: “İşimiz bununla yekunlaşmır. Layihənin “Facebook” və “Instagram” səhifələrini də yaratdıq ki, həvəskar fotoqraflar bundan sonra da çəkdikləri fotoları geniş kütləyə təqdim edə bilsinlər. Bununla biz həm tarixi abidələrimizi, həm də həvəskar fotoqraflarımızı ictimaiyyətə tanıtmış olacağıq”.
Qeyd edək ki, fotolayihəyə ötən gün yekun vurulub və iştirakçılara sertifikatlar təqdim edilib.

Mədəniyyət 2019-03-19 08:38:00