×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi münasibətilə tədbir keçirilib

Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə Nəsimi rayonunda tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Nəsimi Rayon İdarəsinin bir qrup əməkdaşı, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbir rayon icra hakimiyyətinin akt zalında Dövlət himninin səsləndirilməsi ilə davam etdirilib.
Ulu öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olan təhlükəsizlik orqanları əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə DTX-nin Nəsimi Rayon İdarəsinin şəxsi heyətini və təhlükəsizlik orqanlarının veteranlarını təbrik edib, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır.
Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşıb. Təhlükəsizlik orqanlarının maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılıb. Məhz bu zərurəti nəzərə alan ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə milli təhlükəsizlik orqanları üçün peşəkar kadrlar yetişdirən akademiya təsis edilib.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və taleyüklü addımlar atır.
DTX-nin Nəsimi Rayon İdarəsinin rəisi polkovnik İlham Qasımzadə Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə “Alyans” Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları Birliyinin sədr müavini Azər Qarayev və Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin əməkdaşı Azər Hacıyev çıxış ediblər.
Sonra təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə rayonun ictimai həyatında fəal iştirakına görə fərqlənən bir qrup əməkdaşa fəxri fərmanlar təqdim olunub.
Sonda iştirakçılar Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunmuş filmə baxıblar.

Sosial 2019-03-18 21:47:00