×
A
A
A
Sazlamalar

Xalid əl-Falih: Səudiyyə Ərəbistanı Azərbaycanla iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın dərinləşməsinə maraq göstərir

Bakı, 18 mart, AZƏRTAC

Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz əl-Falih AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
- Cənab nazir, Prezident İlham Əliyevlə görüşünüzdə nə kimi məsələlər müzakirə edildi? Azərbaycan ilə Səudiyyə Ərəbistanının xoş münasibətlərinin, ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlığın əsasında hansı amillər dayanır?
- Mən bizə qardaş və dost dövlət olan Azərbaycana səfərimdən çox məmnunam. Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında əlaqələr uzun əsrlik tarixi köklərə malikdir. Xalqlarımızı bir-birinə ortaq dini-mədəni irs, ortaq mənəvi dəyərlər bağlayır. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Al Səudla Azərbaycan rəhbərliyinin, Prezident İlham Əliyevin siyasi baxışları çox yaxındır.
Ötən iki həftə ərzində Səudiyyə Ərəbistanının yüksək vəzifəli şəxsləri Azərbaycana səfərlər edib. Bu səfərlərin məqsədi Krallıqla Azərbaycan arasında əlaqələri gücləndirməkdir. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralının nümayəndəsi Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə görüşərək Kralın xüsusi məktubunu ona çatdırıb. Eləcə də Bakıda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın növbəti iclası keçirilib.
Mənim də Azərbaycanın energetika və sənaye sahələrini təmsil edən hökumət rəsmiləri ilə bir neçə görüşüm oldu. Biz neft bazarlarının tənzimlənməsi məsələlərini müzakirə etdik.
Məni Prezident İlham Əliyev də qəbul etdi. Cənab Prezidentə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd şahzadə Məhəmməd bin Salman Al Səudun salamlarını çatdırdım. Bildirdim ki, Kral Azərbaycan rəhbərliyinə, hökumətinə və xalqına ehtiramla yanaşır və ölkənizin regionda, eləcə də İslam dünyasında oynadığı konstruktiv rolu yüksək dəyərləndirir. Həmçinin neft bazarlarının sabitləşməsində Azərbaycanın bizimlə - Səudiyyə Ərəbistanı ilə birlikdə OPEK+ formatında oynadığı konstruktiv rolu təqdir edir.
Prezidentlə görüşdə Krallığın təkcə neft sahəsində deyil, qarşılıqlı investisiyaların və ixracın təşviqi sahələrində də Azərbaycanla daha geniş iqtisadi əməkdaşlığa hazır olduğunu bildirdim. Azərbaycan Prezidentinin və Səudiyyə Ərəbistanı rəhbərliyinin mövqeləri bu məsələdə də üst-üstə düşür. Söhbət zamanı Prezident İlham Əliyev bərpaolunan enerji sahəsində də əməkdaşlığın vacibliyini vurğuladı. Bunun nəticəsi olaraq, martın 17-də Səudiyyə Ərəbistanı şirkəti ilə Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalandı.
Söhbət zamanı ticarət əlaqələrinin inkişafı, investisiyaların təşviqi, eləcə də turizm sahəsində əməkdaşlıq məsələlərinə toxunduq.
Azərbaycan səudiyyəli turistlərin üzünə açıqdır. Mən Azərbaycan xalqının qonaqpərvərliyinin və səudiyyəli qonaqlara xoş münasibətinin şəxsən şahidiyəm. Bunu əvvəlki səfərlərimdə də, Bakıya budəfəki gəlişim zamanı da bir daha gördüm.
- Bildiyimizə görə, Səudiyyə Ərəbistanının 2030-cu ilədək inkişaf proqramı var. Bu proqram çərçivəsində Azərbaycanla əlaqələrə nə kimi yer ayrılır?
- Qeyd etdiyiniz proqram ölkə iqtisadiyyatının şaxələndirilməsini nəzərdə tutur. Bu konsepsiyada əsasən Krallıqda sənaye, metallurgiya, bərpaolunan enerji, turizm, xidmət sektorlarının inkişafına xüsusi önəm verilir.
Bu gün bir qrup azərbaycanlı iş adamı ilə görüşdüm. Onlar iqtisadiyyatın müxtəlif sahələrini - tikinti, metallurgiya, neft-qaz, xidmətlər, otelçilik sektorlarını təmsil edirlər. Biz ölkəmizdə məhz bu sahələrin inkişafına çalışırıq. Səudiyyə Ərəbistanı bütün dost ölkələrdən, o cümlədən Azərbaycandan investisiyalara açıqdır. Krallıq hökuməti investorlar üçün münbit şərait yaradıb. Azərbaycan və digər Xəzəryanı ölkələr öz təcrübəsini Səudiyyə Ərəbistanı ilə bölüşə, eləcə də Səudiyyə Ərəbistanından platforma kimi istifadə edərək, region və Afrika bazarlarına çıxa bilərlər.

İqtisadiyyat 2019-03-18 21:45:00