Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Ölkəmizi tanıyaq”: Bakı məktəbliləri Naxçıvandan zəngin təəssüratlarla qayıdıblar

Bakı, 18 mart, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində qədim diyarımız Naxçıvanla tanış olan Bakı məktəbliləri martın 18-də paytaxta geri qayıdıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını rayon icra hakimiyyətlərinin əməkdaşları, tədbirin təşkilatçıları, ictimaiyyət nümayəndələri qarşılayıblar.
Naxçıvanla tanışlıq zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, sənədlər, Ulu Öndərə məxsus geyim və şəxsi əşyalara baxıblar.
Paytaxt məktəblilərinin, həmçinin Gənclər Mərkəzinə, Dövlət Bayrağı Muzeyinə, Naxçıvan Dövlət Universitetinə, bir sıra orta məktəblərə, Naxçıvan Biznes Mərkəzinə və tarixi abidələrə ziyarəti təşkil olunub.
Daha sonra iştirakçılar Naxçıvan şəhərinin füsunkar təbiətə malik olan Ordubad rayonuna səfər ediblər. Şagirdlər bu qədim diyarın tarixi və görkəmli şəxsiyyətlərinin ev-muzeylərində olub, onlara məxsus şəxsi əşyalar və ekspozisiyalar barədə məlumatlandırılıblar.
Məktəblilər Naxçıvan şəhərinin, Ordubad, Culfa və Şahbuz rayonlarının tarixi-mədəni abidələri, turizm mərkəzləri və digər görməli yerləri ilə də tanış olublar.
Naxçıvana səfərdən razılığını bildirən Bakı məktəblisi Həmid Həşimov təəssüratlarını bölüşərək deyib ki, muxtar respublikanın tarixi və memarlıq inciləri onların marağına səbəb olub. Məktəbli xüsusilə “Əlincəqala” ilə tanışlığın onda zəngin təəssürat doğurduğunu bildirib.
Digər məktəbli Sara Əzimova da səfərdən razı qaldığını deyib. Bildirib ki, Naxçıvanda “Xan Sarayı”, Möminə Xatun türbəsi, “Əlincəqala”, Hüseyn Cavid məqbərəsi ilə tanış olublar. Naxçıvanın qədim tarixi, füsunkar və bənzərsiz təbiətinə heyran qaldıqlarını söyləyən məktəbli buna görə dövlətimizə və tur-aksiyanın təşkilatçılarına minnətdarlığını ifadə edib.

Cəmiyyət 2019-03-18 20:41:00