Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şəhid ailələri ilə həmrəylik kampaniyasına start verilib

Bakı, 18 mart, AZƏRTAC 

Prezident İlham Əliyevin vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə gənclərə tövsiyələrindən ruhlanan bir qrup gənc Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib.
Azərbaycan Respublikası Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, “Şəhidimiz” (#ŞƏHİDİMİZ) adlanan kampaniyaya gənc könüllülər, “ASAN Könüllüləri”, “Regional İnkişaf” İctimai Birliyinin Könüllüləri, Formula 1 könüllüləri, “BİR” tələbə könüllüləri, “Aqrar İnkişaf Könüllüləri” və Azərbaycan Skautlar Assosiasiyasının fəalları qoşulublar.
Kampaniya Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və təbliği, şəhid ailələri ilə ölkə gəncliyinin həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır. Gənclər Novruz bayramı ərəfəsində Aprel şəhidlərinin ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Bayram ziyarətlərində bütün ailələrə Novruz sovqatı çatdırılıb.
Qeyd edək ki, kampaniya bayram günlərində də davam edəcək. Bu hərəkatda iştirak etmək istəyən gənclər www.shehidimiz.az saytına daxil ola və ya sosial şəbəkələrdə #ŞƏHİDİMİZ həştəqi ilə paylaşımlar edə bilərlər.
Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsi və onların milli ruhda yetişməsi üçün #ŞƏHİDİMİZ kampaniyası ilboyu müxtəlif tədbir və layihələrlə davam edəcək.

Sosial 2019-03-18 19:51:00