×
A
A
A
Sazlamalar

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə dair təlim

Bakı, 18 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə dair təlim təşkil olunub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrinin və pedaqoji işçilərin Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində daha fəal iştirakını təmin etmək, onlara layihə təkliflərinin hazırlanması və idarəolunması ilə bağlı tövsiyələr verməkdir.
Layihə təkliflərinin hazırlanması və idarəolunması ilə bağlı keçirilən təlimdə BŞTİ-nin inkişaf layihələri, maliyyə və mühasibatlıq sektorlarının nümayəndələri, məktəb direktorları, direktor müavinləri və müəllimlər iştirak ediblər.
Təlim zamanı layihələrin yazılması, idarəolunması, büdcənin tutulması, qrant müsabiqəsinin mərhələləri və əsas şərtləri barədə danışılıb. Həmçinin müsabiqədə iştirak etmək üçün qeydiyyat, tələb olunan sənədlər və digər məsələlərlə bağlı yaranmış suallar cavablandırılıb, layihələrin yazılması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində iştirak etmək istəyən şəxslər www.grants.edu.az  saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri cari ilin aprelin 1-i saat 18:00-dan gec olmayaraq sistemə yükləməlidirlər.
Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Layihələrin icrasına 2019-cu il iyunun 1-dən başlanıla bilər.

Elm və təhsil 2019-03-18 19:11:00