×
A
A
A
Sazlamalar

“İdeyadan biznesə” layihəsinin Naxçıvan turu keçiriləcək

Naxçıvan, 18 mart, AZƏRTAC

“İdeyadan biznesə” layihəsinin Naxçıvan turunun keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov Naxçıvan Dövlət Universitetində (NDU) olub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, belə layihələrin həyata keçirilməsi nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını təcrübədə tətbiq edir və əldə etdiyi bilikləri digərləri ilə bölüşürlər.
Rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxışında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamını diqqətə çatdırıb. Ölkəmizdə startap hərəkatının genişləndirilməsi sahəsində həyata keçirilən işlərdən danışan nazir qeyd edib ki, Ali Məclis Sədrinin xüsusi göstərişi əsasında layihənin icrası məqsədilə nazirlikdə tədbirlər planı hazırlanıb, bu istiqamətdə müvafiq işçi qrupu yaradılıb.
Bildirilib ki, layihənin məqsədi startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək verməkdir. Cəmiyyətin ən fəal təbəqəsi sayılan gənclərin ideyalarının gerçəkləşməsində bu cür layihələrin əhəmiyyəti böyükdür.
Sonra nazirliyin əməkdaşı Nazim Cəfərli tələbələrə “İdeyadan biznesə” layihəsi çərçivəsində reallaşdırılan startap turları barədə ətraflı məlumat verib. Uğurlu startapçı olmaq üçün tələb olunan meyarlar sadalanıb. Bildirilib ki, innovasiya, texnologiya, fəaliyyət müddəti, əhatə dairəsi, maliyyələşmə startapı kiçik biznesdən fərqləndirir.
Nazirliyin digər əməkdaşı Rahim İbrahimli tələbələri uğurla nəticələnən startap layihələri, Hüseyn Əsgərli isə layihənin proqramı ilə tanış edib. Diqqətə çatdırılıb ki, yeni ideyaların ortaya çıxarılması üçün diskussiyaların təşkil edilməsi, startap komandalarının formalaşdırılması, həmin planlar üzərində təqdimatların keçirilməsi planlaşdırılıb.
Vurğulanıb ki, may ayının 7-8-də “İdeyadan biznesə” layihəsinin Naxçıvan turu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.
Sonra Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Tural Novruzlu, Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və Psixologiya kafedrasının baş müəllimi, psixoloq Çapay Quliyev, NDU-nun İqtisad fakültəsinin dekanı, dosent Əşrəf Ələkbərov çıxış ediblər.
Qeyd edək ki, bu təşəbbüsə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri də dəstək verir.

Regionlar 2019-03-18 18:40:00