×
A
A
A
Sazlamalar

Məcburi köçkünlər Novruz sevincini onlar üçün inşa edilmiş yeni evlərində yaşayıblar

Sumqayıt, 18 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunda məcburi köçkünlər üçün yeni salınmış şəhərcikdə Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən bayram şənliyi təşkil edilib. Havanın soyuq olmasına baxmayaraq, şəhərciyin sakinlərinin - Qubadlıdan və digər rayonlardan olan məcburi köçkünlərin çöhrəsində təbəssüm, sevinc və xoş ovqat vardı.
Bayram tədbirinə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun icraçı direktoru Mahir Abbaszadə də qatılıblar.
AZƏRTAC xəbər verir ki, bir necə ay öncə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən şəhərcikdəki məktəbin foyesində Novruz bayramı mövzusunu əhatə edən rəsm və əl işlərindən ibarət sərgi, həmçinin rayon diyarşünaslıq muzeyinin eksponatları, Qubadlı haqqında kitablar nümayiş olunub.
Məktəbin idman zalında qədim el oyunları – “dirədöymə”, “ənzəli” və digərləri nümayiş etdirilib, tatami üzərində göstərilən çıxışlar maraqla izlənilib.
Təhsil ocağının akt zalına toplaşanları Malik İsaqov və Rövşən Rzayev təbrik edib. Bildirilib ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramından və milli-mənəvi dəyərlərə dərin bağlılığından xəbər verir. Novruz insanları birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur.
Qeyd olunub ki, 2018-ci ilin dekabrında Abşeron rayonu ərazisində və Sumqayıt şəhərinin 12 mikrorayonunda 2000-dən artıq ailə üçün nəzərdə tutulmuş yeni şəhərciklər istifadəyə verilib. Bu hadisə bütün məcburi köçkünlər kimi, qubadlılıların da hədsiz sevincinə səbəb olub.
Natiqlər Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə və hər kəsin belə bayramları öz yurdunda, öz həyətində keçirəcəyinə əminliklərini ifadə ediblər.
Bayram şənliyi respublikanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. Yazın gəlişini bildirən və xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən Novruzun personajları olan Kosa və Keçəlin şən zarafatları tədbirə xüsusi rəng qatıb.

Regionlar 2019-03-18 17:56:00