×
A
A
A
Sazlamalar

Bakı Fəhləsi maşınqayırma zavodu investisiya müsabiqəsinə çıxarılıb

Bakı, 18 mart, AZƏRTAC
"Bakı Fəhləsi maşınqayırma zavodu" ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsi elan edilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na müvafiq olaraq komitə "Bakı Fəhləsi maşınqayırma zavodu" ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsi elan edib. İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həllidir.
Müsabiqənin qalibləri nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 60 təqvim günü müddətində əməkhaqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirməli, 120 təqvim günü müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməlidirlər. Həmçinin öhdəlik götürəcəyi sayda, lakin 150-dən az olmayaraq, yeni iş yerinin yaradılmasını, 30 təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 4 min 720 manat məbləğində vəsaitin ödənilməsini və digər müqavilədə göstərilən şərtləri həyata keçirməlidirlər.
İddiaçıların ərizə və təkliflərinin qəbulu aprelin 17-dək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Komitəsinin ünvanında (Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaq.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında aprelin 26-da saat 15:00-dan başlayaraq həyata keçiriləcək.

İqtisadiyyat 2019-03-18 18:33:00