×
A
A
A
Sazlamalar

Sabahdan Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir

Bakı, 18 mart, AZƏRTAC 

Novruz bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar martın 19-dan etibarən Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, Novruz bayramı şənliklərinin qeyd edilməsi məqsədilə Bakıda bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar martın 19-da səhər saatlarından etibarən tədbir tam başa çatanadək İçərişəhər - Qoşa Qala qapısı, Fəvvarələr meydanı, Qız qalası və Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində olan yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Belə ki, “Azneft” meydanı, Əziz Əliyev, Zərifə Əliyeva, Niyazi və İstiqlaliyyət küçələrində, Üzeyir Hacıbəyli, Bülbül, Səməd Vurğun və tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülərək avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bundan əlavə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir.
Bayram günlərində yol-nəqliyyat hadisələrinin baş verməməsi, hərəkət iştirakçılarının rahat, təhlükəsiz şəkildə mənzil başına çatmaları üçün yol polisi gücləndirilmiş iş rejimində xidmət edəcək. Eyni zamanda, sürücülərdən, avtomobil sahiblərindən xahiş olunur ki, xüsusən günün qaranlıq saatlarında yorğun, yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsinlər, yol hərəkət qaydalarına ciddi riayət etsinlər.
Bölgələr istiqamətində hərəkət edən sürücülərə bir qayda olaraq təhlükəsizlik kəmərindən istifadə etmək, yolboyu hərəkəti nizamlayan nişanların göstəricilərinə və sürət həddinə əməl etmələri tövsiyə olunur.

Sosial 2019-03-18 18:15:00