×
A
A
A
Sazlamalar

Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub

Sofiya, 18 mart, AZƏRTAC

Novruz bayramı Bolqarıstanda türklərin sıx məskunlaşdığı Kırcali şəhərində təşkil olunmuş tədbirdə təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, Azərbaycanın Bolqarıstandakı səfirliyi, Kırcali bələdiyyəsi və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Kırcali şəhərinin Mədəniyyət Mərkəzində keçirilmiş tədbirdə istedadlı Azərbaycan rəssamı Cəmilə Həşimovanın “Türk Dünyasının Cənnət Bağları” adlı rəsm əsərləri sərgilənib və bolqar musiqiçi Minko Lambovun rəhbərlik etdiyi qrupun ifasında xalq mahnıları və caz kompozisiyaları, o cümlədən Vaqif Mustafazadə, Rain Sultanov, Əzizə Mustafazadə və digər Azərbaycan caz bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil edilib.
Tədbirdə çıxış edən Kırcali şəhərinin meri Həsən Əziz Azərbaycan səfirliyinin dəstəyi ilə Novruzun ilk dəfə Kırcalidə qeyd olunmasından məmnunluğunu bildirib, bunun bir ənənəyə çevriləcəyinə və davamlı olacağına ümidini ifadə edib. Novruzun tək yazın gəlişi, təbiətin yenilənməsi və yeni ilin başlanğıcı deyil, həm də tolerantlığın, sülhsevərliyin və mərhəmətin rəmzi olduğunu bildirən H.Əziz Bolqarıstanda bu dəyərlərin qorunub saxlandığını vurğulayıb. O, bolqar, türk və digər millətlərin birgə sülh içində yaşadığını, bir-birlərinə hörmətlə yanaşdıqlarını, dini tolerantlığın mövcud olduğunu bildirərək, tədbirin müxtəlif mədəniyyətlərə qarşı mövcud ənənəvi tolerantlıq münasibətinin göstəricisi olduğunu qeyd edib.
Kırcali şəhərində Novruz bayramının təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Kırcali bələdiyyəsi tərəfindən təşəkkür plaketləri ilə təltif olunublar.
Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib. O, bir çox xalqların müsbət mənəvi dəyərlərini özündə əks etdirən Novruzun insanlar arasında birliyi və mehribanlığı möhkəmləndirdiyini, mərhəmət və humanizm prinsiplərini təbliğ etdiyini və yenilik rəmzi olduğunu deyib. G.Əfəndiyeva bayram, onun keçirilmə qaydası və adətlər barədə ətraflı məlumat verib. O, Azərbaycan və digər ölkələrin təşəbbüsü ilə xalqlarımızın əziz el bayramı olan Novruzun UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini xüsusi vurğulayıb. G.Əfəndiyeva Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin ölkə başçılarının dəstəyi ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən müxtəlif sərgi, konsert, dəyirmi masa, konfrans və digər tədbirlərin təşkil edildiyini qeyd edib, Fondun əsas məqsədinin türkdilli xalqların irs və mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Rəssam Cəmilə Həşimovanın sərgilənən əsərlərinə diqqət çəkən G.Əfəndiyeva bildirib ki, bu əsərlərdə təsvir olunan cənnət məkanlarında sonsuz zaman çərçivəsində dolaşmaq, xeyir və şərin mahiyyətini anlamaq, “gözəllik nədir?” kimi düşüncələrə dalmaq olur.
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə əziz tutduğu bayramlardan olan Novruzun gecə ilə gündüzün bərabərləşməsinin, yeni il və baharın gəlməsinin, təbiətin canlanmasının rəmzi olduğunu bildirib. Novruzun adət-ənənələrinin müxtəlif ölkə və regiondan asılı olaraq fərqləndiyini qeyd edən səfir çərşənbələr, evlərdə açılan bayram süfrəsi, hazırlanan nemətlər və Novruz inancları haqqında tədbir iştirakçılarına bəhs edib. N.Qurbanova qeyd edib ki, 2010-cu ildə baş tutmuş BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilib ki, bu da böyük bir arealda yaşayan 300 milyondan çox insanın milli mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürüdür.
Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Həmid Həmid çıxış edərək tədbirin keçirilməsinin gözəl təşəbbüs olduğunu bildirib və belə təşəbbüslərin davamlı olacağına ümidini ifadə edib.
Tədbirdə Bolqarıstan Xalq Məclisinin sədri Tsveta Karayançeva, Kırcali regionunun qubernatoru Nikola Çanev, millət vəkilləri, bələdiyyə başçıları və nümayəndələri, dini qurumların təmsilçiləri, şəhər sakinləri, yerli jurnalistlər iştirak ediblər.
Səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları, Novruz xonçası və bu bayram rəmzləri olan şirniyyatlar təqdim edilib.
Tədbir haqqında məlumat Kırcali regionunun yerli KİV-lərində geniş işıqlandırılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Cəmiyyət 2019-03-18 17:43:00