×
A
A
A
Sazlamalar

Yavuz Səlim Kıran: Başda Dağlıq Qarabağ problemi olmaqla bütün məsələlərdə Azərbaycanın yanındayıq

Ankara, 18 mart, AZƏRTAC

1970-ci illərdən başlayaraq ASALA başda olmaqla erməni terror təşkilatları diplomatlarımızı və hərbçilərimizi qətlə yetirməyə başlayıblar. Türkiyə üçün canlarından keçən bütün qəhrəmanlarımızın xatirəsini həmişə olduğu kimi, Çanaqqala dəniz zəfərinin ildönümündə də məhəbbətlə anırıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Çanaqqala dəniz döyüşləri zəfərinin 104-cü ildönümü ilə bağlı deyib.
Nazir müavini bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, biz sevincimizi də, kədərimizi bir yerdə bölüşməkdən qurur duyuruq. Çanaqqala döyüşlərində təkcə türkiyəlilər yox, eləcə də ayrı-ayrı şəhərlərdən, o cümlədən Bakıdan gələn qəhrəmanlar iştirak ediblər. Bu döyüş tarixi zəfər olaraq torpaqlarımıza göz dikənlərə qarşı bir dərs olub.
“Türkiyə başda Dağlıq Qarabağ problemi olmaqla bütün məsələlərdə Azərbaycana dəstək verməkdən heç zaman çəkinməyib. Bundan sonra da hər zaman Azərbaycanın yanında olacağıq. Çanaqqala zəfərinin qazanılmasında və şəhidlərimizin xatirəsinin yad edilməsində hər zaman bizimlə birlikdə olan azərbaycanlı qardaşlarımızı sevgi və hörmətlə salamlayırıq”.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2019-03-18 17:32:00