×
A
A
A
Sazlamalar

BDU nəzdindəki Konfutsi İnstitutu tərəfindən Novruz bayramına həsr olunan tədbir keçirilib

Bakı, 18 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Martın 18-də Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı və Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Çin-Azərbaycan əlaqələrinin qədim tarixindən və müasir dövrdə daha da genişlənməsindən danışıb.
Çinin Azərbaycandakı səfirinin müşaviri Li Cin Son səfir Vey Cinxuanın Novruz bayramı münasibətilə təbrikini tədbir iştirakçılarına çatdırıb. Azərbaycanda Novruz bayramının qeyd olunmasını Çinin Yaz bayramı ilə müqayisə edən Li Cin Son xalqlar arasında əlaqələrin tarixindən danışıb, Azərbaycan və Çin mədəniyyətlərinin oxşarlığını vurğulayıb.
BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Oqtay Cəlilbəyli Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlıqdan söz açıb. Bildirib ki, 2011-ci ildə Çinin Təhsil Nazirliyi ilə müqavilə imzalanıb və Anhoy şəhərindəki universitetlə sıx əlaqələr qurulub: “Son 6 ildə 150 azərbaycanlı tələbə Çində təhsil almağa göndərilib. Ölkəmizdə ildən-ilə Konfutsi İnstitutunun fəaliyyəti genişlənir. AZƏRTAC-da azərbaycanlı jurnalistlərə Çin dili tədris olunur. Çox sevindirici haldır ki, Azərbaycanda Çinə maraq artır. Həmçinin ötən il Çində Azərbaycan Təhsil Mərkəzi fəaliyyətə başladı. Bu isə çinlilərə Azərbaycan dilini öyrənməyə şərait yaradır. Bütün bunlar iki ölkə arasında əlaqələrin dostluq əsasında qurulduğunu bir daha sübut edir”.
BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Luo Siaoci bildirib ki, Çin dilinə hər il artan maraq bu dili tədris edən müəllimi kimi onu çox sevindirir. İldən-ilə Çin dilini yüksək səviyyədə öyrənən tələbələrin sayı artır. Onlar Çin-Azərbaycan münasibətlərinin daha dərinləşməsi və genişlənməsi üçün töhfə verəcəklər.
Tədbirin bədii hissəsində BDU-nun tələbələri Azərbaycan və Çin xalq rəqsləri və mahnılar təqdim ediblər.

Elm və təhsil 2019-03-18 17:15:00