×
A
A
A
Sazlamalar

Zərdabda Novruz bayramı ümumrayon şənliyi ilə qeyd edilib

Zərdab, 18 mart, AZƏRTAC 

Zərdabda Novruz bayramı münasibətilə ümumrayon şənliyi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev parkında təşkil olunan şənlikdə açılan bayram süfrələri, yerli müəssisələrdə istehsal edilən məhsulların sərgisi, milli adət-ənənələrimizin qədimliyindən soraq verən əşyalarla tanışlıq şənlik iştirakçılarında xoş hisslər yaradıb. Bayram tonqalı alovlandırıldıqdan sonra Dədə Qorqudla Bahar qızı insanlara əmin-amanlıq, bol ruzi arzulayıblar.
Zərdab ictimaiyyətinə bayram təbriklərini çatdıran rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev Novruz adətlərinin zənginliyindən, insanlara xoş hisslər aşılamasından söz açıb. Bildirib ki, tarix boyu heç bir qüvvə Novruz adətlərini xalqımızın əlindən almağa, qəlbindən silməyə müvəffəq olmayıb. Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi sayəsində tarixi kökümüzə qayıdışın təzahürü, mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı təqvimə Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik düşüb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız öz adət və ənənələrinə sadiq qalaraq mənəvi dəyərlərimizi daim uca tutur, onları qoruyub saxlayır və daha da inkişaf etdirir.
Daha sonra rəqs qruplarının, musiqi kollektivlərinin, idmançıların, kəndirbazın çıxışları, Keçəl və Kosanın məzəli oyunları, at yarışları maraqla qarşılanıb. Məktəblilər qədim oyunlarımızı nümayiş etdiriblər. Meydan boyu yuxa, kətə, aş, qutab, şəkərbura, paxlava bişirilib. Əli xonçalı qızlar şənlik iştirakçılarına Novruz sovqatları paylayıblar. Üç mindən çox səməni ilə bəzədilən parkda kənd təsərrüfatı məhsullarından ibarət bayram yarmarkası da təşkil olunub. Zərdabda Novruz şənlikləri el gəzintisi və bayram konserti ilə davam etdirilib.

 

Regionlar 2019-03-18 16:49:00