×
A
A
A
Sazlamalar

Bakı bulvarı ilə tanışlıq Azərbaycan jurnalistlərində böyük maraq doğurub

Bakı, 18 mart, Arzu Rəcəbova, AZƏRTAC

Martın 17-də Dənizkənarı Bulvar İdarəsi Novruz bayramı münasibətilə KİV nümayəndələri üçün Dənizkənarı Milli Park ərazisinə media-tur təşkil edib.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri əvvəlcə Bakı Bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksi ilə tanış olublar. Qeyd edilib ki, fəvvarə kompleksi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən bərpa edilərək ötən əsrin 60-cı illərindəki tarixi siması özünə qaytarılıb.
Sonra media-tur iştirakçılarına paytaxtımızın ən gözəl memarlıq nümunələrindən biri – Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binası haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, bu möhtəşəm tikili inqilabdan əvvəlki dövrdə Polşa memarı İosif Ploşko tərəfindən inşa edilib və əvvəllər burada “Fenomen” kinoteatrı yerləşib.
Daha sonra media nümayəndələri “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərgiyə baş çəkiblər. Ekspozisiyadakı nadir fotolar şəxsi kolleksiyalardan, xarici və yerli arxivlərdən toplanaraq yüksək keyfiyyətlə bərpa edilib. Fotolar Bakı bulvarının 1861-ci ildən 1990-cı illərə qədər olan tarixini əhatə edir.
Media-tur iştirakçıları Beynəlxalq Muğam Mərkəzində də olublar. Onların diqqətinə çatdırılıb ki, bu mərkəz Heydər Əliyev Fondu tərəfindən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və dünyada təbliği üzrə həyata keçirilən layihələr arasında müstəsna yer tutur. Qonaqlar burada Azərbaycanın qədim musiqi alətlərinin sərgisi ilə də tanış olublar.
Sonda Azərbaycan Xalça Muzeyi ilə tanışlıq olub. Qeyd edilib ki, 1967-ci ildə yaradılmış Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi 2014-cü ildə yeni – bükülmüş xalça şəklində layihələşdirilmiş orijinal binaya köçüb. Hazırda burada qiymətli tarixi eksponatlar və xalqımızın çoxəsrlik tarixini əks etdirən Quba, Qəbələ, Şirvan, Qazax, Təbriz, İrəvan, Gəncə, Şəki və digər şəhərlərin sənət əsərləri nümayiş etdirilir.
Media nümayəndələri Bulvar ərazisindəki “Panarama atraksion”dan paytaxtın mənzərəsini seyr ediblər. 2014-cü ildə istifadəyə verilən bu qurğunun hündürlüyü 60 metrdir.

Mədəniyyət 2019-03-18 16:44:00