×
A
A
A
Sazlamalar

“EnterpriseAzerbaijan”ın növbəti startap təlimi Azərbaycan Universitetində keçirilib

Bakı, 18 mart, AZƏRTAC

“EnterpriseAzerbaijan”ın növbəti startap təlimi Azərbaycan Universitetində keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təlim yeni ideya və layihələr həyata keçirmək istəyən startapçıları, o cümlədən kiçik və mikro sahibkarları biznesə başlamanın hüquqi və praktiki tərəfi haqqında məlumatlandırmaq məqsədi daşıyıb.
Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun açılış nitqinin ardınca “EnterpriseAzerbaijan.com” portalının meneceri Aytən Məmmədova startap platforması barədə tələbələrə ətraflı məlumatlar təqdim edib.
Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov kiçik və mikro sahibkarlara, o cümlədən startapçılara biznesə başlamaq üçün hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatının həyata keçirilməsi və bu ilin əvvəlindən başlayaraq tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verilib.
“Azexport” portalının rəhbəri Zaur Qardaşov “Baku E-Commerce Academy” ilə birlikdə “Amazonla qazan” təlimləri barədə danışıb. Qeyd edib ki, bu təlim yeni iş və qazanc imkanı axtaranlar üçün əsl fürsətdir. Bu tip təlimləri uğurla başa vuranlar hazırda rəqabətədavamlı sabit gəlir əldə edirlər.
“EnterpriseAzerbaijan” portalının ekosistemində yer alan və “British Council”ın “Kreativ qığılcım” layihəsinin meneceri kimi fəaliyyət göstərən Oruc Dursunzadə layihənin daha praktiki tərəfləri barədə tələbələrə məlumat verib.
“EnterpriseAzerbaijan.com” portalı ölkəmizin 15-dək universitetində 2000-ə yaxın tələbə ilə görüşərək biznesə başlama və startap barədə maarifləndirici tədbirlər keçirir. Tələbələrin uğurlu layihələri “EnterpriseAzerbaijan.com” portalına daxil ediləcək və bu layihələr maliyyələşdirilmək üçün mələk, toxum və vençur investorlara təqdim olunacaq.

İqtisadiyyat 2019-03-18 16:39:00