Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bahar Muradova: Novruz tonqallarını doğma Qarabağımızda qalayacağıq

Baharın gəlişi Füzulidə el şənliyi kimi qeyd edilib

Füzuli, 18 mart, AZƏRTAC
Xalqımızın milli bayramı olan Novruz cəbhə bölgəsində yerləşən Füzuli rayonunda el şənliyi kimi geniş qeyd olunub. Baharın gəlişi münasibətilə Horadiz şəhərindəki Olimpiya İdman Kompleksində ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları Novruz adət-ənənələrini özündə əks etdirən sərgi ilə tanış olublar. Milli adət-ənənələrimizə uyğun olaraq qız-gəlinlər yun darayıb, nehrə çalxayıb, sacda yuxa bişiriblər.
Dədə Qorqud və Bahar qızı meydana daxil olub, Novruz tonqalı alovlandırılıb. Mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iştirakçıları bayram münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik, bol ruzi və əmin-amanlıq arzulayıb. O, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədəki xidmətlərindən bəhs edib.
Bayram mərasimində iştirak edən Milli Məclis sədrinin müavini Bahar Muradova füzulililərə xalqımızın əziz bayramı münasibətilə xoş arzularını çatdırıb. "Novruz bayramı arzuların, niyyətlərin həyata keçməsi bayramıdır. İnanıram ki, işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcək və biz Novruz tonqallarını doğma Qarabağımızda qalayacağıq", - deyə B.Muradova bildirib.
Novruzun personajları olan Kosa və Keçəl, Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı gediblər. Bayram adətinə görə uşaqlar yumurta döyüşdürüblər. Kosa və Keçəlin şən zarafatları, Dram Teatrının aktyorlarının ifasında yumoristik səhnələr, rayon idmançılarının nümunəvi çıxışları, mədəniyyət işçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb.

Regionlar 2019-03-18 16:28:00