Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Biləsuvar və Salyanda Novruz sevinci

Biləsuvar, 18 mart, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda ruzi-bərəkət rəmzi olan, özündə milli dəyərləri əks etdirən Novruzun gəlişi təntənə ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səməni və xonçalarla bəzədilən Heydər Əliyev parkında rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi, idmançıların nümunəvi çıxışları, məktəblilərin əl işləri, Novruzun atributları və ənənələri, milli mətbəximizin nümunələri tədbirin rəngarəngliyini daha da artırıb. Kütləvi gəzintidən sonra rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev sakinləri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. “Bütün sahələrdə böyük uğurlar əldə edən biləsuvarlılar bu il də bayramı ruh yüksəkliyi və xoş ovqatla qarşılayır”, - deyən M.Quliyev bildirib ki, gözəl adət-ənənələrimizi özündə əks etdirən Novruzun bu gün dövlət səviyyəsində qeyd olunması müstəqilliyimizin və ən əsası Prezident İlham Əliyevin milli–mənəvi dəyərlərimizə göstərdiyi qayğının nəticəsidir.
Bayram tonqalının qalanması, baharın gəlişini xarakterizə edən digər adətlərin canlandırılması iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bahar qızının bayram təbriki, Kosa və Keçəlin maraqlı oyunları hər kəsdə xoş ovqat oyadıb. Şənlik baharı vəsf edən nəğmələr, rəqs qruplarının ifaları, rayon bədii özfəaliyyət kollektivlərinin konsert proqramı ilə başa çatıb.
                                                                                     X X X
Salyanda xeyirxahlıq, birlik və həmrəylik bayramı olan Novruz bayramı münasibətilə ümumi rayon tədbiri keçirilib.
Rayon ağsaqqalı Rafiq Kərimov bayram tonqalını yandıraraq, Novruz bayramı münasibətilə sakinləri təbrik edib, hər bir ailəyə ruzi-bərəkət, bol sevinc arzulayıb.
Sonra tədbir iştirakçıları meydanda təşkil edilən xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgilərə baxıb, idmançıların çıxışlarını izləyib, ayrı-ayrı kəndlərin mətbəx və folklor nümunələri ilə tanış olublar. Meydana Novruzun personajları Kosa və Keçəlin daxil olması alqışlarla qarşılanıb. ”Novruz bayramınız mübarək“ mahnısının sədaları altında meydana daxil olan Dədə Qorqud və Bahar qızı qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik ediblər.
Bayram tədbiri rayon mədəniyyət və incəsənət ustalarının rəngarəng konsert proqramı və rəqs nümunələri ilə başa çatıb.

Regionlar 2019-03-18 16:26:00