×
A
A
A
Sazlamalar

Dənizçilər adından Novruz bayramı münasibətilə əsgərlər üçün konsert təşkil olunub

Bakı, 18 mart, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Novruz bayramı ərəfəsində Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə səfər təşkil edib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinin də iştirak etdiyi səfər çərçivəsində əvvəlcə Füzuli rayonunun ərazisində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, şəhidlərin ruhuna ehtiram ifadə edilib. Səfər zamanı Cocuq Mərcanlıda aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanışlıq olub. Qonaqlar kənddə yerləşən məscid və “Qayıdış” parkına baş çəkiblər. Həmçinin dənizçilər ön cəbhədə xidmət edən əsgərlər üçün yaradılan şəraitlə tanış olub və birgə nahar ediblər.
Daha sonra Novruz bayramı münasibətilə “N” saylı hərbi hissənin şəxsi heyəti üçün konsert proqramı təşkil olunub. ASCO sədrinin müavini Nəzrəddin Əhmədzadə dənizçilər adından Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, çətin və şərəfli xidmətdə onlara müvəffəqiyyətlər arzulayıb. Hərbi hissənin komandanlığı ASCO əməkdaşlarının bu təşəbbüsünü yüksək qiymətləndirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib. Bildirilib ki, əsgər və zabitlər torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazırdır.
Bayram şənliyi incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. Tədbiri Novruz bayramının atributları olan Kosa, Keçəl və Bahar qızının şən zarafatları, əyləncəli oyunları daha da yaddaqalan edib. Şənlikdə əsgərlərə bayram sovqatı verilib, təşkilatçılar tərəfindən viktorina keçirilib. Qaliblərə xüsusi hədiyyələr təqdim olunub.
Sonda şəxsi heyətin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində keçirilən tədbirdə yaxından iştirak etdiyinə görə ASCO hərbi hissə komandirinin fəxri fərmanı ilə təltif edilib.

Regionlar 2019-03-18 16:03:00