Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anılıb VİDEO

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir) vəfatının 40 ili tamam olur.
AZƏRTAC xəbər ki, bu münasibətlə tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət ediblər. Xanəndənin məzarı önünə əklil və tər çiçək dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.
Anım mərasimində çıxış edən Milli Məclisin deputatı, akademik Rafael Hüseynov ustad sənətkarın həyat və fəaliyyətindən danışıb. Bildirib ki, Xan Şuşinski milli musiqi tariximizdə özünəməxsus, şərəfli yer tutur. O, hələ yeniyetmə vaxtlarından xanəndəliyə başlayıb, tanınmış sənətkar İslam Abdullayevdən dərs alıb. Xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub. Yaradıcılıqla məşğul olduğu 60 ilə yaxın vaxt ərzində öz sənəti ilə xalqına xidmət edib.
Vurğulanıb ki, Xan Şuşinski müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində gənclik illərindən şöhrət qazanıb, Azərbaycan muğamlarını zənginləşdirib, bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə edib. Klassik xanəndələrin ənənələrinin layiqli davamçılarından olan istedadlı sənətkar oxuduğu muğamlarda gəzişmə və zəngulələrdən məharətlə istifadə edib. Xan Şuşinski əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl” mahnıları dillər əzbəri olub. O, öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Üzeyir Hacıbəylinin “Qara göz” mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.
“Məzar anlayışı Xan Şuşinski kimi əbədiyyət qazanmış insanların varlığı, şəxsiyyəti ilə uyğun gəlmir. Xan əmi böyük xanəndəliyindən savayı, müdrik bir insan idi. Onun həyatının sonu yoxdur. Onun ölümündən 40 ili keçir, amma kim deyə bilər ki, bu 40 il içərisində Xan əmi diri olmayıb. O, bu illərdə hər zaman canlı olub, bizimlə olub, çünki səsi ilə Azərbaycanı bəzəyib, Azərbaycan insanına ruh verib, sevindirib. İsfəndiyar Cavanşirov dünyaya bir xan balası kimi gəlmiş, Şuşanın qurucusunun, nəslinin davamçılarından idi. O, elə bir zaman içərisində yaşadı ki, hansısa bir vilayətin, Qarabağın xanı ola bilməzdi, amma Allah ona elə bir istedad vermişdi ki, dövrün imkan vermədiyi zamanların içərisində də Xan ola bildi. Sevinirəm ki, Xan Şuşinskinin gənc xanəndələrin yetişdirilməsində də əməyi olub. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələri əsasında məktəb yaratmış görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin inkişafına sərf edib”, - deyə akademik vurğulayıb.
Rafael Hüseyn çıxışının sonunda onu da vurğulayıb ki, Xan Şuşinski kimi sənətkarların doğum tarixi olur, ölüm tarixi yox: “Belə sənətkarlar öz istedadları ilə əbədiyaşarlıq qazanırlar. Xan əminin cismən aramızdan ayrılmasından 40 il ötməsinə baxmayaraq, o, heç vaxt səhnəmizi tərk etməyib. Onun ifaları daim səsləndirilib, bundan sonra da səsləndiriləcək”.
Anım mərasimində çıxış edən digər natiqlərdə sənətkarın bənzərsiz ifaçılıq məharətindən, Azərbaycan muğam sənətinin inkişafı naminə gördüyü işlərdən söz açıblar.

 

Mədəniyyət 2019-03-18 16:01:00

Video