×
A
A
A
Sazlamalar

Kolumbiya Universitetinin professoruna ADA Universitetinin fəxri doktoru adı verilib

Bakı, 18 mart, AZƏRTAC

ABŞ-ın Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru, professor, BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşaviri Cefri Saks ADA Universitetinin fəxri doktoru seçilib.
ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, rektor Hafiz Paşayev elmi şuranın qərarına əsasən ictimai siyasət və iqtisadiyyat elminə əhəmiyyətli töhfələrinə görə fəxri doktor diplomunu və universitetin xatirə medalını qonağa təqdim edib. Rektor amerikalı alimlə ABŞ-da Azərbaycanın səfiri qismində görüşlərini, o cümlədən 2004-cü ildə professor C.Saksın moderatorluğu ilə Kolumbiya Universitetində Prezident İlham Əliyevin yerli ictimaiyyətin böyük marağını cəlb edən çıxışını xatırladıb.
Verilən fəxri ada görə ADA Universitetindəki həmkarlarına minnətdarlığını bildirən C.Saks mərasimdə qlobal dayanıqlı inkişaf mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, bəşəriyyətin qarşısında duran müxtəlif təhdidləri nəzərə alaraq, dünya ölkələri dayanıqlı inkişafı hədəfləməlidirlər. Ətraf mühitə dağıdıcı təsirini göstərən müasir ekstensiv iqtisadiyyatların təsirini təkcə istehsalçı deyil, istehlakçı da anlamalı və məntiqli yanaşmanı bir qaydaya çevirməlidir. Xüsusilə enerji sahəsində alternativ resurslara müraciətin qaçılmazlığını bildirən alim, bölgə dövlətlərini qlobal çağırışlara birgə əməkdaşlıqla cavab verməyi tövsiyə edib. Azərbaycanın yerləşdiyi regionda mövcud münaqişələrin dərhal həlli zərurətindən danışan professor C.Saks bildirib ki, münaqişələrin həlli və regionun gələcəyi üçün daha sıx iqtisadi əməkdaşlığın yaradılması vacibdir. Həmçinin nəqliyyat infrastrukturu inkişaf etdirilməli, milli iqtisadiyyatlar fövqəlnüfuzlardan asılı olmayan şəkildə, öz qüvvələri hesabına dayanıqlı qurulmalıdır.
Tədbir ADA Universitetinin tələbə və professor heyətinin sual-cavab sessiyası ilə davam etdirilib.
Qeyd edək ki, professor C.Saksın adı ABŞ-ın “Time” jurnalı tərəfindən dünyanın 100 ən nüfuzlu liderləri siyahısında yer alır.

 

Elm və təhsil 2019-03-18 16:00:00