×
A
A
A
Sazlamalar

Respublikanın yüksək dağlıq ərazilərində 4 istiqamətdə aparılmış qarölçmə işləri başa çatıb

Bakı, 18 mart, AZƏRTAC 

Periodik olaraq hər il martda, yaz-yay gursululuq dövründə çayların axımının proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın çay hövzələrində qar ehtiyatları hesablanır, qar örtüyünün hündürlüyü, qarın çəkisi və sıxlığı üzərində müşahidələr aparılır, qarın sululuğu müəyyən edilir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş suvarma suyuna olan tələbatın öyrənilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması, su resurslarının qiymətləndirilməsi, quraq regionlarda sudan istifadənin yaxşılaşdırılması və dağ çaylarının idarə edilməsi bəndlərinin icrasının təmin edilməsi, həmçinin iqlim dəyişmələrinin yüksək dağlıq regionlara təsirinin müəyyənləşdirilməsi məqsədilə həmin dağlıq ərazilərdə qarölçmə işləri aparılıb.
Qarölçmə işləri respublika ərazisində 4 istiqamət üzrə əvvəlcədən müəyyən edilmiş 23 qarölçmə marşrutunda aparılıb və müvəffəqiyyətlə tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov martın 18-də keçirilən mətbuat konfransında məlumat verib.
Direktor müavini bildirib ki, ölçü işləri əvvəlki illərə nisbətən daha geniş formatda təşkil olunub: “Departamentin yerli və regional qurumlarından cəlb olunmuş 15 nəfər mütəxəssisin iştirakı ilə təşkil olunmuş ekspedisiyalar martın 6-dan 17-nə qədər həyata keçirilməklə 12 gün davam edib. Böyük və Kiçik Qafqazın çətin keçilən dağlıq ərazilərində qarölçmə işlərinin aparılmasında bizə dəstək olan bütün təşkilatlara, xüsusilə Səhiyyə Nazirliyinə, Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə dərin təşəkkürümüzü bildiririk”.
Departamentin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu, qarölçmə ekspedisiya qrupunun rəhbəri Asif Verdiyev qarölçmə marşrutlarının Böyük və Kiçik Qafqazda müvafiq olaraq 580–2920 metr və 1000-3000 metr yüksəklikləri əhatə etdiyini diqqətə çatdırıb: “Qarölçmə işləri zamanı çay hövzələrində xüsusi marşrutlar üzrə qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu təyin olunub. Hazırda bütün marşrutlar üzrə hesablama işləri aparılır. Hesablama işləri başa çatdıqdan sonra qar ehtiyatları və gursululuq dövründə fəsillik hava proqnozu haqqında məlumatlara əsaslanaraq gursululuq dövründə respublikanın iri su anbarlarına - Şəmkir, Mingəçevir, Araz və s., Kür, Araz və Qanıx tranzit çayları ilə daxil olacaq axımın və yerli dağ çaylarının sululuğunun proqnozu tərtib edilərək müvafiq qurumlara təqdim olunacaq. Hər il hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın, su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir”.
Qarölçmə ekspedisiya qrupunun üzvü Ramil Qədirov qarölçmə işləri üzrə ekspedisiyaların Böyük Qafqazın cənub yamacının qərb hissəsində Qanıx çayının hövzəsi üzrə 5 marşrut, Böyük Qafqazın cənub yamacının qərb hissəsində Əyricay hövzəsində 4 marşrut, Böyük Qafqazın cənub yamacının şərq hissəsində 3 marşrut, Böyük Qafqazın şimal-şərq yamacı üzrə isə 4 marşrut üzrə aparıldığını bildirib. O qeyd edib ki, ölçü işləri Böyük Qafqazın Balakən-Zaqatala, Qax-Şəki, Oğuz-Qəbələ, Quba-Qusar və Kiçik Qafqazın Daşkəsən-Gədəbəy-Göygöl rayonlarının ərazisindən axan çayların hövzələrində aparılıb.

 

Ekologiya 2019-03-18 15:47:00