×
A
A
A
Sazlamalar

Binə qəsəbəsində 2 küçənin təmiri yekunlaşıb

Bakı, 18 mart, AZƏRTAC
Cari ilin əvvəlindən Binə qəsəbəsində başlanılan təmir-tikinti işləri çərçivəsində ümumi uzunluğu təqribən 3 kilometr olan Sabir və Nəsimi küçələrinin 16 min kvadratmetrdən çox sahəsində təmir-bərpa işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hər birinin uzunluğu 1,5 kilometr, eni isə 5,5 metr olan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, asfaltlanma işləri aparılıb. Hazırda isə təmir-tikinti işləri 2 yaşayış massivinin yollarında və 2 küçədə davam etdirilir. İşlərin aparıldığı ərazinin uzunluğu 17,5 kilometr, sahəsi isə 120 min kvadratmetrdir.
Təmir-tikinti işləri, həmçinin ümumi uzunluğu 10,5 kilometr olan və Mərdəkan şosesindən ayrılan Badam bağları yaşayış massivinə gedən yolda, eləcə də, bu yola paralel olan qəsəbədaxili 1 küçədə, uzunluğu 4,5 kilometr Binə Südçülük sovxozu yaşayış massivinin yollarında, uzunluğu 2,5 kilometr olan Hövsan südçülük yaşayış massivinin “161 nömrəli” küçəsində aparılır. Hazırda “161 nömrəli” küçə boyu asfaltlanma işləri aparılmaqla yeni yol infrastrukturu yaradılır. Bu küçədə təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. İşlərin Novruz bayramına qədər yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd olunub ki, sözügedən təmir-tikinti işləri yekunlaşdıqdan sonra Xəzər rayonunun Binə qəsəbəsi üzrə digər küçə və yollarında da işlərin davam etdirilməsi nəzərdə tutulur.

 

Tikinti̇ 2019-03-18 14:18:00