×
A
A
A
Sazlamalar

Bakıda məskunlaşmış füzulili şagirdlərin doğma yurda səfəri maraqlı və yaddaqalan olub VİDEO

Füzuli, 18 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Bakı şəhərində fəaliyyət göstərən Füzuli rayon 48 nömrəli tam orta məktəbin kollektivi Novruz bayramı ərəfəsində Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin müəllim və şagirdləri əvvəlcə 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan Elnur Əliyevin, Əlvan Hüseynovun, Orxan Həmidovun, Səyyar Quliyevin və Ermənistan ordusunun təxribatının qurbanı olan iki yaşlı Zəhra Quliyevanın məzarlarını ziyarət edib, ailələrinə baş çəkərək bayram sovqatı çatdırıblar.
Məktəbin kollektivi sonra N saylı hərbi hissəyə gedərək, Vətənimizin müdafiəsində dayanan əsgər və zabitlərlə görüşüblər. Əsgərlərə Novruz sovqatı və şagirdlərin yazdıqları məktublar təqdim edilib.
Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova, məktəbin direktoru Şərafət Hacıyeva çıxış edərək, əsgər və zabitləri Novruz bayramı münasibətilə təbrik edib, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar.
Hərbi hissədə bayram tonqalı qalanıb, məktəblilərin ifasında konsert proqramı nümayiş olunub. Məktəblilər əsgərlərlə birgə rəqs edib, şənləniblər. Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar ediblər.
48 nömrəli tam orta məktəbin müəllim və şagirdləri sonra “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, son illərdə sürətlə inkişaf edən, gözəlləşən Horadiz şəhərini və Prezident İlham Əliyevin sərəncamları ilə qısa vaxtda yenidən qurularaq abad yaşayış məntəqəsinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini gəziblər. Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə tanış olan qonaqlar müəllim və şagirdlərlə səmimi söhbət ediblər.
Məktəbin kollektivi səfərdən xoş təəssüratlarla qayıdıb.

Regionlar 2019-03-18 13:58:00

Video