×
A
A
A
Sazlamalar

Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Bakı, 18 mart, AZƏRTAC

Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qrupların rifah halının yüksəldilməsi sahəsində növbəti mühüm addımdır. Sərəncamda həmin kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılması tapşırılıb.
Bunun nəticəsində bu il həmin kateqoriyadan olanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına imkan verəcək. Beləliklə, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulanlara nəzərdə tutulduğundan (180 avtomobil) üç dəfədən çox olmaqla 600-ədək avtomobil təqdim olunacaq.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, əsasında insan amili dayanan sosial siyasətin ildən-ilə gücləndiyi ölkəmizdə bütün sosial proqramlar uğurla davam etdirilir və getdikcə genişləndirilir. Belə proqramlardan biri də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin, Böyük Vətən müharibəsi əlillərinin, Çernobıl əlillərinin dövlət hesabına minik avtomobilləri ilə təmin olunmasıdır. Proqramın davamı olaraq, 2018-ci ildə həmin insanlara daha 265 avtomobil verilməklə, ötən dövrdə təqdim olunan minik avtomobillərinin sayı 6 min 144-ə çatıb.
Hazırda dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbədə dayanan əlilliyi olan vətəndaşların sayı 997 nəfərdir ki, cari il ərzində onlardan da artıq 600-ə yaxın şəxsin avtomobillə təminatı həyata keçiriləcək.
Sərəncam dövlət başçısının həssas qruplardan olan vətəndaşların, o cümlədən müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti ifadəsidir. Qeyd edək ki, 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6 min 654 mənzil təqdim edilib. Dövlət başçısının tapşırığı ilə cari ildə həmin kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcək.
Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı sənədlərlə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata, müharibə əlilləri - I qrup əlilliyi olanlar üçün 182 manatdan 250 manata, II qrup əlilliyi olanlar üçün 158 manatdan 230 manata, III qrup əlilliyi olanlar üçün 121 manatdan 210 manata çatdırılıb. Eyni zamanda, müharibə əlillərinin müavinətləri əhəmiyyətli şəkildə artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün 50 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis edilib.
Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezidentin aylıq təqaüdü əmək pensiyası almaq hüququ olan I qrup əlillərə şamil olunmaqla bu təqaüdün məbləği də 100 manata çatdırılıb.
Həmçinin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Prezidentin təqaüdünün məbləği də artırılaraq 150 manat müəyyən olunub.
Ümumilikdə, bu ilin ötən dövründə Prezident İlham Əliyevin imzaladığı sənədlər ölkəmizdə minimum əməkhaqqının və minimum pensiyanın, sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin, həmçinin tələbələrin təqaüdlərinin, məcburi köçkünlərə verilən müavinətlərin, incəsənət işçilərinin əməkhaqqının əhəmiyyətli dərəcədə artırılmasına, şəhid ailələri üçün birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesinin əhatə dairəsinin genişlənməsinə, problemli kreditlərin həllinə, çoxmənzilli binaların sənədləşdirilməsinə xidmət edib və həmin sosial paket təqribən 3 milyona yaxın vətəndaşı əhatə edərək onların rifahında müsbət dəyişikliklərə imkan verib.

Sosial 2019-03-18 13:48:00