×
A
A
A
Sazlamalar

Korrupsiyada təqsirləndirilən Yaponiya Milli Olimpiya Komitəsinin sədri istefa verməyi planlaşdırır

Bakı, 18 mart, AZƏRTAC

Fransanın hüquq-mühafizə orqanları tərəfindən korrupsiyada təqsirləndirilən Yaponiya Milli Olimpiya Komitəsinin sədri Tsunekazu Takeda martın 19-da istefa verməyi planlaşdırır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, T.Takeda martın 19-da qərarını açıqlayacaq.
T.Takedaya qarşı korrupsiya ittihamını məhz Yaponiya Milli Olimpiya Komitəsinin sədri vəzifəsinə keçiriləcək seçkilər ərəfəsində irəli sürüblər. İstintaqın qənaətinə görə, Olimpiya Oyunları üçün 2013-cü ildə paytaxt seçilərkən Yaponiya tərəfinin apardığı gizli bank əməliyyatları Afrika ölkələri nümayəndələrinin Tokionun lehinə səs verməsi ilə nəticələnib. Bu işdə T.Takedanın sanksiyasının mühüm rol oynadığı güman edilir. T.Takeda isə bunun mümkün olmadığını deyir.
Takeda 1998-ci ildə Naqano Qış Oyunlarının təşkilat komitəsində idman direktoru vəzifəsini tutub. O, Yaponiya MOK-a 2001-ci ildən başçılıq edir, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin üzvü qismində üç Olimpiada (2010, 2014, 2018) hazırlıqlarını əlaqələndirib. 2012-ci ildə məmur “Olimpiada-2020”nin müraciət komitəsinə rəhbərlik edib. Hazırda 71 yaşlı fəal Olimpiadanın İcraiyyə Şurasının vitse-prezidenti vəzifəsində çalışır.
Xatırladaq ki, Tokioda Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilək.

İdman 2019-03-18 13:28:00