×
A
A
A
Sazlamalar

Qusarda narkotik satan şəxslər saxlanılıb

Qusar, 18 mart, Elxan Yusifli, AZƏRTAC

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Köhnə Xudat kənd sakini Ramiddin Vəlibəyovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun evinə baxış zamanı 60 qram qurudulmuş marixuana aşkar edilib.
Dindirilmə zamanı R.Vəlibəyov narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etdiyini və bir hissəsini 200 manata satdığını bildirib.
RPŞ-nin keçirdiyi digər bir əməliyyat–axtarış tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Əliyev narkotik vasitə satan zaman yaxalanıb. Həmin şəxs rayon ərazisində 2 bükümdə olan qurudulmuş marixuananı 20 manata satan zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

Regionlar 2019-03-18 13:24:00