×
A
A
A
Sazlamalar

Aşqarlar Kimyası İnstitutu ABŞ universiteti ilə əməkdaşlığa başlayıb

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun nəzəri olaraq apardığı tədqiqatlar ABŞ universitetində tətbiq edilir.
İnstitutun aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev AZƏRTAC-a açıqlamasında bildirib ki, ABŞ-ın Buffalo Universiteti, Bakı Mühəndislik Universiteti və Aşqarlar Kimyası İnstitutu birgə tədqiqat qrupu yaradıb. Belə ki, Azərbaycan tərəfinin nəzəri apardığı elmi tədqiqatlar ABŞ universitetində kompüter kimyasına tətbiq olunur. Ötən 6 ay ərzində aparılan birgə tədqiqatlar uğurlu nəticələr ortaya qoyub.
Əfsun Sucayev deyib: “Bu tədqiqatların davamlı olması məqsədilə institutumuzun üzvi kimya ixtisası üzrə doktorantı İbadulla Mahmudova “1,3,5-Triazin-2-tionlar əsasında fizioloji fəallığa malik pirrolidinlərin sintezi və onların kompüter-eksperimental tədqiqi” mövzusunda elmi tədqiqat işi həvalə olunub. ABŞ-ın Buffalo Universitetinin kompüter araşdırmalar mərkəzi ilə razılıq əldə etmişik və doktorantımız bir il ərzində orada təhsil alacaq və təcrübə keçəcək. İ.Mahmudovun tədqiqatının sintez hissəsi institutumuzda yerinə yetiriləcək, amma tədqiqatın kompüter araşdırmaları ABŞ-da aparılacaq. Bu, institut üçün bir ilkdir”.

Elm və təhsil 2019-03-18 13:01:00