×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetinin komandası “Breyn-rinq” intellektual oyununun qalibi olub

Bakı, 18 mart, AZƏRTAC 

Rəşid Behbudov adına Mahnı Teatrında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Novruz bayramına həsr olunmuş “Breyn-rinq” intellektual oyunu keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.
Yarışda 16 komanda iştirak edib.
Bakı Dövlət Universitetinin komandası birinci olub. Azərbaycan Texniki Universiteti yarışı ikinci, Azərbaycan Universitetinin komandası isə üçüncü pillədə başa vurublar.
Qalib gələn komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

İdman 2019-03-18 12:55:00